Mən özüm Xankəndinin millət vəkili olaraq, Xankəndi şəhərini təmsil edirəm. Orada yaşayan azərbaycanlı və erməni vətəndaşlarımızın təmsilçisi olaraq, istər azərbaycanlı vətəndaşlarımızdan, istərsə də erməniəsilli vətəndaşlarımızdan müraciətlər alıram. Təbii ki, ermənilərdən biz əsasən sosial şəbəkələr vasitəsilə müraciətlər alırıq.
Bu fikirəri hafta.az-a Xankəndinin millət vəkili Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, onlara izah edirik ki, yaxın gələcəkdə Xankəndidə, Qarabağın digər şəhərlərində, qəsəbələrində Azərbaycan Respublikasının bayrağı, qanunları çərçivəsində firavan yaşayacağıq:
"Buna hamının razı və hazır olması, məqsədlərə, amallara çatması üçün birgə fəaliyyət aparılmasına tərəfdar olmasını bildiririk. Yəni erməniəsilli vətəndaşlarımız da Azərbaycan Respublikasının vətəndaşı olmaq şərəfindən, o imtiyazlara sahib olmaqdan qürur duyacaqlar. Regionun ən güclü iqtisadi, siyasi, sosial dövləti Azərbaycandır. Azərbaycan Respublikasının vətəndaşı olmaq, təbii ki, imtiyaz yaradır. Bunu cənab Prezident də qeyd etdi, artıq yeni reallıqlar var. Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq. Region bütövləşəcək, yeni əməkdaşlıq platforması çərçivəsində Çindən Avropaya qədər insan daşımaları məhz Azərbaycan üzərindən həyata keçiriləcək. Şimaldan Hind okeanına qədər yeni şimal-cənub dəhlizinin Azərbaycan ərazisindən keçməklə ehtiva olunması və ərsəyə gəlməsi – bunlar onu göstərir ki, Azərbaycan Respublikası, artıq müharibədən sonra yeni real güc mərkəzi olaraq, meydana çıxmışdır. Bütün dünya ölkələri, dünya liderləri məhz cənab Prezidentə bu məsələ ilə bağlı müraciətlər edirlər. Qarabağda yenidənqurma, bərpa işlərində fəal iştirak etmək istəyirlər. Hər bir ölkə istəyir ki, öz şirkətini, investisiyasını regiona gətirsin. Sizin Cənubi Qafqazın xəritəsinə baxanda avropalı, amerikalı olaraq, birinci görmək və əməkdaşlıq etmək istədiyiniz ölkə Azərbaycandır. Digər ölkələr potensial olaraq, Azərbaycanın kölgəsində geridə qalır".